A.Bakıxanov - Gülüstani-İrəm
A.BAKIXANOV
GÜLÜSTANİ-İRƏM
[İstinad: Burada və
başqa yerlərdə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan
hissələrin mətndən çıxarıldığını
Əxbar kitabları və asari-ətiqə
qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi
tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə bu ölkə müxtəlif
tayfaların gediş-gəlişi və istilası üzündən həmişə
iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi
sənədlər və maddi mədəniyyət asarı məhv və tələf olmuşdur.
Başqa millətlərdən heç birinin tarix kitabları da, bu məsələləri
layiqlə izah etmir. Bununla bərabər--öyrənilməsi tamamilə mümkün
olmayan bir şeyi tamamilə də tərk etmək olmaz» kəlamının məzmununca,
bu işə lazım olan vasitələrdən mümkün olanını ələ keçirib,
dağınıq məsələləri bir-birilə əlaqələndirdim. Mövcud əsərləri
nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. Tarix yazmaqda
lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və
sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və hadisələr
arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən
tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər,
cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr,
asari-ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif
təqrir və bəyanları ilə mümkün dərəcədə əsaslandırmağa
çalışdım. İxtilaflı yerlərdə əlamət və nişanələrə istinad
və əqli ehtimallara müraciət etdim.
Kitabı bir müqəddəmə,
beş fəsil və bir nəticəyə böldüm.
Müəllifindir:
Bu əsər
bir tarix kitabı olaraq tanındı,
hiyəttarix(1257=1841/2) sözü onun təlif tarixi oldu.
Onun adını «Gülüstani-İrəm»
qoydum. Məzmununa mütabiq ad verdim.
Müqəddimə--Şirvan və Dağıstan
vilayətlərinin hüdud və ərazisi, adlanmalarının səbəbi, əhalisinin
mənşəi, dilləri və dinləri haqqında.
Birinci fəsil--İslam dövlətinin
zühurundan ərəb qoşununun gəlməsinə qədər Şirvan
və Dağıstan ölkələrində baş verən qədim hadisələr
haqqında.
İkinci fəsil--ərəb ordusunun
gəlməsindən başlayaraq moğolların istilasına qədər.
Üçüncü fəsil--moğol istilasından
Səfəvilərin zühuruna qədər və Şirvanşahlar sülaləsinin
səltənəti dövrü.
Dördüncü fəsil--Səfəvilərin
zühurundan Nadir şahın vəfatına qədər.
Beşinci fəsil--Nadir şahın
vəfatından «Gülüstan» adlı yerdə Rusiya-
Nəticə--Şirvan vilayətində
və onunla qonşu olan yerlərdə təlifat sahibi və
ya başqa fəzilət və məziyyətə malik olan şəxslərin
tərcümeyi-halları haqqında.
MÜQƏDDİMƏ
ŞİRVAN VƏ DAĞISTAN
VİLAYƏTLƏRİNİN, HÜDUD VƏ ƏRAZİSİ,
ADLANMALARININ SƏBƏBİ, ƏHALİSİNİN
MƏNŞƏİ, DİLLƏRİ VƏ DİNLƏRİ HAQQINDA
Şirvan vilayəti, şərq tərəfdən
Xəzər dənizi ilə, cənub-qərbdən onu Muğan və Ermənistan vilayətlərindön
ayıran Kür çayı ilə, şimal-qərbdən Qanıq (Alazan) çayı ilə,
İlisu nahiyəsindən keçən qeyri-müəyyən xətlə, Qafqaz sıradağları,
Kürə və Təbərsəran nahiyələrini Qaziqumuq və Qaytaq məmləkətlərindən
ayıran dağ silsiləsi ilə və oradan da, Dərvaq çayı yatağından
onun Xəzər dənizinə qovuşduğu yerə qədər uzanan sahə ilə
məhduddur. (Şirvan) Kür dəhnəsindən Dərvaq dəhnəsinə qədər
təqribən 39°-42°-yə qədər şimal en dairəsi, Qanıq çayı dəhnəsindən
Əfşəran burnuna qədər 64°-68°-yə qədər şərq uzunluq dairəsi
üzərində vaqedir. Düz xətlə hər bir dərəcənin məsafəsi,
təqribən, 15 coğrafi mil--yeddi rus versti qədər və ya bir ağac
yarımdır. Hər ağac--üç islami mil uzunluqdadır. İslami mil--doxsan
altı min barmaq boydadır. Bir barmaq da orta boylu altı arpa uzunluqdadır
(arpaların birinin arxası o birinin qarnına bitişik surətdə düzülmək
şərtilə).
Beləliklə, indiki Şirvan
məmləkəti Səlyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran,
Kürə, Samur nahiyəsi və İlisunun aşağı bir qismindən ibarətdir.
Bunlar, ölkənin ən gözəl və ən geniş vilayətlərindəndir.
Qafqaz dağlarının böyük
bir silsiləsi onun arasından üzü cənub-şərqə düşübdür
ki, xoş havalı yaylaqları, otlaqları, şirin bulaqları
və hər iki tərəfə axan çoxlu çayları vardır.
Əksəriyyət üzrə, dəniz
və Kür çayı sahillərindəki geniş və məhsuldar çöllərdə
bol taxıl zəmiləri, meşələr, bağlar və sair vardır. Dəniz
kənarında olan bu ölkə, Rusiya və İran dövlətləri və müxtəlif
Dağıstan tayfaları arasında olduğundan, ticarət işlərində də
mükəmməl tərəqqi edə bilər.
Təqvimülbüldan [İstinad:
Məşhur ərəb tarixçisi Əbülfidanın əsəridir. Hicri
672-ci (=1273) ildə anadan olmuş və 732-ci (=1331)
ildə vəfat etmişdir. Onun ən məşhur kitabları
«Əlmüxtəsər fi-tarixülbəşər» ilə «Təqvimülbüldan»
adlı əsərləridir.] müəllifi deyir ki, Şirvanı Sasani sülaləsindən
olan Ənuşirəvani-Adil bina etmişdir, bu cəhətdən onun adı ilə
tanınmışdır. «Ənu» ləfzi çox işlənmək nəticəsində atılmışdır.
Bəziləri deyirlər ki, Şirvanın əsli Şirvand, yəni şir olan
yer olub, sonra Şirvan olmuşdur. Moisey Xorenskinin [Istİnad: Moisey
Xorenski--V əsr tarixçisidir. Qədim dövr tarixi
yazan erməni müəlliflərindən ən görkəmlisi hesab olunur.
Üç hissədən ibarət olan əsərində ən qədim dövrlərdən başlayaraq
V əsrin birinci yarısına qədər ermənilərin tarixini sistematik
surətdə yazmışdır. Onun bu tarix kitabı bir çox
xarici dillərə, o cümlədən rus dilinə də tərcümə
olunmuşdur.] tarixində və Zendavesta kitabında Şerovaner deyə
adlanır. Əmin-Əhməd [Istİnad: Əmin-Əhməd Raz i--«Həft-iqlim»
adlı məşhur əsərin müəllifidir.
Bu əsər köhnə üsul üzrə yeddi iqlimin (qitənin) məşhur şəhər
və qəsəbələrini və hər iqlimdə yetişmiş
olan adlı-sanlı adamları bildirir. Kitab, hicri
1002-ci (=1593) ildə yazılmışdır.] «Həft-iqlim» adlı əsərində
deyir ki, Şirvan, əvvəllərdə bir şəhərin, sonra isə, bir ölkənin
adı olmuşdur.
Çamçiyan [Istİnad: Çamçiyan--XVIII
əsr erməni istorioqrafiyasının görkəmli nümayəndəsidir. Erməni
və əcnəbi mənbələrdən istifadə edərək, erməni tarixini
ta ilk dövrlərindən başlayaraq XVIII əsrin axırına qədər yazmışdır.
Çamçiyanın «Ermənistan tarixi» adlı bu əsəri, üç cilddən
ibarət olaraq, 1785-1787-ci illərdə Venesiya şəhərində çap olunmuşdur.]
«Ermənistan tarixi»ndə Şirvan vilayətini Əğvan adlandırır
və deyir ki, onunla Alan, yəni Dağıstan arasındakı sərhəd əvvəl
Alğon səddi və sonra da, Dərbənd səddi olmuşdur.
Türkmən Həsən padişahın
oğlu Sultan Yaqub hicri 892-ci (=1487) ildə ermənilərin xəlifəsi
(baş keşişi) Simeona verdiyi fərmanda, Şirvanı Əğvan
deyə adlandırmışdır. Dağıstan vilayəti 42°-dən 44°-yə
qədər şimal en dairəsi və 63°-dən 66°-yə qədər şərq uzunluq
dairəsindədir. Şərq tərəfdən Xəzər dənizi ilə, şimaldan
Terek çayı ilə, qərbdən Çərkəz və Os (Osetin) mülkü ilə,
cənub-qərb tərəfdən Gürcüstanla və cənub-şərqdən Şirvanla
məhduddur. Bu ölkənin şimal-şərq qismi gözəl yerlərə malik
olub, yaşayış vəsaitinin bolluğu ilə məşhurdur. Bu hissə, xüsusilə
dəniz və Terek sahillərində, çayların bolluğu və gediş-gəlişin
çoxluğu üzündən, əkinçilik məhsulatının zənginliyi və ticarət
vəsaitinin genişliyi ilə tanınır. Buranın o biri dağlıq qismi,
bəzi məhsuldar vadi və yaylaqlara malik olsa da, ümumiyyətlə yaşamaq
üçün çox çətin və məşəqqətlidir.
Bu vilayət Məsudinin[İstinad:
Məsudi--ərəb tarixçilərinin ən böyüklərindən biridir,
hicri III əsrin axırlarında Bağdad şəhərində anadan olmuş və
346-cı (=957/8) ildə Misirdə vəfat etmişdir. Əsərlərindən ən
məşhuru «Mürucüzzəhəb» adlı kitabıdır.] rəvayətinə görə,
hicri 332-ci (=944) ildə aşağıdakı üç ölkədən ibarət olmuşdur:
1) Qaytaq--bura Dərbəndin
şimal tərəfindədir. Hökumət mərkəzi Səməndər, yəni Tarxudur
ki, onu Nuşirəvan bina etdirib. Səməndər Xəzər
xaqanının paytaxtı olmuş idi, lakin Səlman ibni Rəbiə
buranı aldıqdan sonra, xaqan öz paytaxtını Atilə köçürdü.
Səməndər əhalisinin çoxu xəzərlər, müsəlmanlar və yəhudilərdən
ibarət olmuşdur...
2) Sərir (taxt)--Dərbəndin
şimal-qərbində, üç mənzillik məsafədədir.
On iki min ailədən ibarət olmuşdur. Sərir padişahı Filanşah
adlanıb, nəsara (xristian) dinində idi. Bəzilərinin dediyinə
görə, Sasani sülaləsindən olan Yəzdicird, ərəblər tərəfindən
məğlub edildikdən sonra Xorasana getdi. O öz qızıl
taxtını başqa qiymətli şeylərlə bərabər Bəhram-Çubin nəslindən
olan bir mənsəb sahibinə verərək, Cibali-Fəthə, yəni Qafqaza
göndərdi. O da indi Sərir adlanan mülkü ələ keçirib
öz nəslinə tərk etdi. Nizaminin dediyinə görə, buranın Sərir
adlanması Keyxosrovun taxt və tacından nəşət
etmişdir; çünki bu taxt və tac burada bir mağaranın
içində idi. Bəzilərinin dediyinə görə, bu ölkənin hakimləri
qızıl taxt üzərində oturub hökm verdikləri üçün,
bu ölkəyə Sərir adı verilmişdir. Sərir hökmdarı
rəiyyətini öz qulu hesab edərdi və dağlılar çöllülərə nisbətən
daha şücaətli olduqlarından xəzərlər üzərinə basqın edərək
onları qarət edərdilər. Səririn yaxınlığında Zirihgəran
mülkü olub, hazırda Köbəçi adlanır. Əhalisi müsəlman,
nəsara (xristian) və yəhudidir.
3) Dağlıq Qumuq--Səririn şimalında və Qaytağın qərbindədir. Əhalisi nəsaradır (xristiandır). Padişahları olmadığından öz rəislərinə itaət edirlər. Çox məhsuldar və abad olan Alan ölkəsinə buradan gedərdilər. Kəndlər bir-birinə yaxın olduğundan, bir xoruz banlayanda bütün kəndlərin xoruzları banlardı. Alan padişahının ləqəbi Kərkərandac və ya Kərkəndac, arvadının adı isə, Məğəs idi. Otuz min atlı qoşunu var idi. Babalarından biri Abbasilər xilafətinin birinci əsrində nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər onlar atəşpərəst idilər. Hicri 320-ci (=932) ildə onlar nəsara (xristian) dinini tərk edib, Rum imperatorunun onlara göndərdiyi keşişləri ölkələrindən çıxarıb qovdular. Alan ilə Cibali-Fəth (Qafqaz) arasında, körpülü bir çay kənarında olan dağın başında bir qala vardır ki, Hisni-Babi-Alan (Alan qapısının qalası) adlanır. Dağdan keçmək ancaq buradan mümkün idi. Bu qala qalaların ən möhkəmi idi. Fars şairləri bunu çox tərif etmişlər. O, İsfəndiyarın əmrilə tikilmişdir.
Müslimə ibni-Əbdülməlik
Qafqazın bir çox yerini itaəti altına aldıqdan sonra ərəb mühafizlərini
bu qalada qoydu. Onlara sərhəd boyunda olan Tiflis şəhərindən
maaş və ərzaq göndərilirdi. Babi-Laziqə də Gürcüstan nahiyəsində
olub, padişahı müsəlman idi. Alanın qərb tərəfində Kəşək
tayfası yaşayır. Onlar bütpərəst dinindədirlər. Kəşək mülkü
Cibali-Fəthdən Pont dənizinə, yəni Qara dənizə qədər uzanıb
gedir. Buranın əhalisi yaraşıqlı bir tayfadır. Burada tala adlanan
və Misir qumaşından daha qiymətli olan bir qumaş toxuyurlar. Buradan
Trabizona tacirlər dəniz vasitəsilə gedib-gəlirlər. Alanların
hücumundan qorunmaq üçün dəniz kənarında qalaları vardır. Kəşək
tayfası çox, lakin dağınıqdır. Əgər bunlar ittifaq etsəydilər
hamıya qalib gələrdilər. Onların ölkəsinin o biri tərəfi Səbbüldan
(yeddişəhər) ölkəsidir...
Kəşək tayfası çərkəzlərdir,
onları qədim rus tarixçiləri Kasoq, Os (Osetin) tayfasını
isə, Kasaq adlandırırlar.
Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvaninin[Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvani--XVI əsrin ikinci və XVII əsrin birinci yarısında yaşamış Azərbaycan alimidir. Azərbaycan və Dağıstan tarixinə aid bəzi əsərləri vardır. «Risaleyi-Rüstəm xaniyyə» adlı kitabını Dağıstan xanlarından Rüstəm xanın adına yazmışdır.] öz tarix kitabında qeyd etdiyinə görə də, burada üç məmləkət vardır: 1) Dəşt, 2) Zirihgəran və 3) Avar. Avar yaşayış və nəqliyyat yolları etibarilə ölkələrin ən çətini hesab edilir. Çamçiyan öz tarixində bu vilayətdə dörd ölkə olduğunu göstərir: 1) Alan, 2) Baslas, 3) Haptaq və 4) Hun. Dərbəndnamə müəllifi, İsfəndiyar və Nuşirəvanın təqsimatına görə, buranı dörd
məmləkətə bölmüşdür:
1) Gəlbax, 2) Tumanşa mülkü, 3) Qaytaq və 4) Dağlıq Qumuq.
Bu təqsimatın hamısı
indiki vəziyyətlə də uyğundur.
Birinci məmləkət--Alan və
ya Sulağın o tərəfindəki Qumuq Gəlbaxı, Mıçıqıç və
Kiçik Qabardıdan ibarət olmuşdur.
İkinci məmləkət--Tumanşah
mülkü, ya Haptaq, ya da, birinci bölgüyə görə, Qaytaq ölkəsidir
ki, Şamxal və Üsmi mülklərinin aşağı qismini təşkil edir.
Üçüncü məmləkət--Dağlıq
Qumuq, ya Hun, ya da, Avar ölkəsidir ki, Qaziqumuq və Avarıstan
mülkünü təşkil etmişdir.
Dördüncü məmləkət--Baslas,
ya Zirihgəran, ya Sərir, ya da, axırıncı bölgüyə görə,
Qaytaq ölkəsidir ki, Qaytağın yuxarı hissəsindən, Aqquşa və
Sürhi mahallarından ibarətdir.
Başlı şəhərinin adı
Baslas sözündən dəyişmədir. Qumuq, Bətləmyusun[İstinad:
Bətləmyus (Ptolemey)--məşhur yunan riyaziyyatçı və
astronomlarındandır, II əsrin birinci yarısında anadan olmuşdur.
«Coğrafiya» adlı əsərində Albaniya və Ermənistan haqqında
da məlumat vardır.] dediyinə görə, Kam və ya Kamak tayfasının
qalıqlarıdır. Bu mülk onların adı ilə adlanmışdır. Rövzətüssəfa[İstinad:
Şərqdə yetişən ən məşhur tarixçilərdən
Mirxondun əsəridir. 1433-cü ildə Bəlxdə anadan olmuş
və 1498-ci ildə Heratda vəfat etmişdir. Mirxondun 7 cilddən ibarət
olan «Rövzətüssəfa» adlı əsəri, teymurilər dövrünün
sonlarında yazılmış ən mühüm tarix
kitabıdır. «Rövzətüssəfa» kitabı, bir hesabla, Şərq tarixinin
bir ensiklopediyasıdır.] müəllifinin və başqa tarixçilərin dediyinə
görə, onlar Yafəsin oğlu Kamak ve ya Kamarı nəslindəndirlər.
Bunlar Yafəsin Bulğar adlı oğlunun adını daşıyan yerdə sakin
idilər. Ehtimala görə, o yer Kiçik Qabardı ölkəsində olan Balğar
adlı yerdir. Balğar və onun ətrafında olan Çəgəm, Baxsan, Bizəngi
əhalisi və başqaları indi də türk dilində qumuq ləhcəsilə
danışırlar. Məlum olur ki, bunlar bir tayfadırlar. Bu məsələni
Həbibüssiyər[İstinad: «Rövzətüssəfa» müəllifi Mirxondun
nəvəsi Xandəmirin əsəridir. Xandəmir özü
də məşhur tarixçilərdəndir. 1475-ci ildə Heratda anadan olmuş
və 1535-ci ildə Gücəratda vəfat
etmişdir. Xandəmir bir sıra tarixi əsərlər yazmışdır
ki, bunlardaa ən böyüyü və ən qiymətlisi «Həbibüssiyər»
adlı kitabıdır. Xandəmir «Həbibüssiyər»də
dünyanın yaradılışından Şah İsmayıl Səfəvinin vəfatı
tarixinə qədər olan hadisələri təsvir edir.] və sair kitablar
da təsdiq edir.
Bu mənbələrin yazdığına
görə, Əmir Teymur Toxtamış xanı məğlub etdikdən sonra
öz qoşununun başçılarına Qumari çayının kənarında ənam vermiş
və Qum boğazında
qışlamışdır. Qumari adlanan
bu çay Terek çayı yaxınlığında olub, indi türkcə
Kumi və rusca Kuma adlanır. Əlifin vava və kaf, qaf və ğəyn
hərflərinin bir-birinə çevrilməsi uzaq deyildir. Təsəvvür etmək
olar ki, Qaytaq və Həptaq ya bir mənada olub, ya da bir-birindən
dəyişmədir, ya da ki, Tağ mütləq Dağıstanın adı imiş. Şamxal
mülkünə «həp»--yəni hamı--sözü əlavəsilə «Həptaq», Üsmi
mülkünə də, Keyxosrov və sair Kəyan padişahlarına nisbətilə,
ya da böyük və uca mənasına gələn «key» sözü əlavəsilə
Keytaq demişlər. Sözlərin işlənməsində ta dala, kaf və ğeyn
hərfləri də qafa və biləks dəyişilmişdir.
Hun tayfası haman Ğun adlanan
tayfadır. Moisey Xorenskinin yazdığına görə, miladi tarixin V
əsrində Xəzər dənizinin qərb sahilində sakin imişlər. İndi
yeri məlum olmayan Varçan, bunların ən böyük şəhəri olmuşdur.
Simaca kifir, qaniçən, talançı və cəsur olan bu tayfa, qədim
zamanlarda Çin hüdudundan Qıpçaq çölünə və Xəzər dənizi
ilə Qara dəniz arasındakı sahəyə gələrək, hədsiz zülmlər
etmişlər. Bunların padişahı Atilla... müxtəlif tayfaları, hətta
Macarıstanı da, özünə tabe etmişdi. Qostəntiniyyədən xərac
alırdı. Hicri 454-cü ildə vəfat etdikdən sonra, övladı arasında
gedən çəkişmələr nəticəsində Ğun dövləti dağıldı.
Miladi IV əsr tarixçilərindən Ammian Martsellinin[Istİnad: Ammian Martsellin--Roma tarixçilərindəndir, 330-cu ildə anadan olmuşdur. «Roma dövlətinin tarixi» adlı məşhur əsəri 96-378-ci illərin hadisələrini təsvir edir. Ammian Martsellinin bu əsərində Azərbaycan haqqında da qiymətli qeydlər vardır.] yazdığına görə, ğunlar öz üzlərini bıçaqla çərtirdilər ki, saqqalları çıxmasın. Onların əksəri bədşəkil, boynu yoğun olub, heyvana bənzəyirdilər. Bitkilərin yarpaq və köklərini və çiy əti yəhər altında qızdırıb yeyərdilər. Evləri yox idi, hətta onu istəmirdilər. Çöllərdə, meşələrdə və dağlarda keçinirdilər. Onların paltarı kətandan və heyvanat dərisindən olub, bədənlərində çürüyərdi. Özlərini isti-soyuğa, aclıq və susuzluqa vərdiş etdirərdilər. Ancaq camaat müşavirəsi olan zaman atdan enərdilər. Həya və əxlaq sahibi deyildilər. Talançı, qaniçən, qanun bilməyən, yalançı və dinsiz idilər. Atillanın yanında olan Rum səfirlərindən Prisq belə nağıl edir: Biz onunla orduda görüşdük. Rum qeysərinin hədiyyələrini son dərəcə kibr və qürurla qəbul etdi. Bizə buyurdu ki, istirahət zamanı onunla bərabər yaşadığı yerə gedək. Qızlar uzun və ağ paltarlarda onu qarşılayıb, skif dilində şeirlər oxuyurdular. Hündür və uca bir yerdə çubuq hasarla əhatə edilmiş
və ağacdan qayrılmış
bir imarəti var idi. O hər gün səhər çağı evinin qapısında
oturub, xalqın divan işlərilə məşğul olurdu. Gündüz müxtəlif
tayfaların elçilərini qəbul edib, gecə onlar ilə bərabər yemək
yeyərdi. Qonaqlar üçün gümüş qablarda və qızıl camlarda, özü
üçün isə ağac qablarda yemək-içmək gətirdərdi. Yeməkdən
sonra Ğun şairləri gəlib onun zəfər və fütuhatından bəhs edən
şeirlər oxuyardılar. Bu zaman onun qoşunu şadlanar, qocalar isə
davadan geri qaldıqları üçün həsrətlə ağlardılar...
Rum səfirlərindən bir nəfər
onu (Atillanı) öldürmək istədi. Atilla bunu bilib, özü
üçün təhqir hesab edərək, ona cəza vermədi. Ola bilsin ki, Atil
çayı Atilla adından və ya Atillanın adı bu çayın
adından alınmışdır.
Dağlılara ləzgi adının
verilməsi, Laz qovmilə qarışmaları
Bir çox tarixçilər Ermənistan,
İveriya, Kolxida və Albaniyanı bir-birindən ayıra bilməmişlər.
Bu cəhətdən bəzi ixtilaflar meydana çıxmışdır...
Həbibüssiyər sahibinin yazdığına
görə, Ermənistan ölkəsinə daxil olan Tiflis şəhərini, Həbib
ibni-Səlma Osmanın xilafəti zamanında ələ keçirdi. Bura həmişə
xəlifələrin ixtiyarında olmuşdur. Bunu, Tiflisdə ərəblər tərəfindən
zərb edilən dirhəmlər də göstərir.
İveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başaçıq (İmeretiya) da onun şərq hissəsindədir. Erməni tarixçiləri qədim gürcüləri ivros, yəni dağlı adlandırırlar.
Yaqutun[İstinad: Yaqut Həməvi--1178
və ya 1179-cu ildə anadan olmuş və 1229-cu ildə
Hələbdə vəfat etmişdir. Yaqut, şərqin ən məşhur müəlliflərindən
biridir. O, tarix və coğrafiyaya aid bir sıra qiymətli əsərlar
yazmışdır. Bu əsərlərdən biri də «Möcəmülbüldan»dır.
Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl bir coğrafiya lüğətidir.]
yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğrü,
İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində
qətl və qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin
oğlanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə
zamanı Tiflis şəhərini ələ keçirdilər.
Başaçıq (İmeretiya) düzlərini,
Minqreliya və Quriyanı Kolxida hesab etmək olar. Şirvan və Dağıstan
isə, birgə olaraq Albaniya olmuşdur.
Alan tayfası xüsusunda
bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi
padişahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə
bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır.
Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir.
Şirvan və Dağıstan «Azadlar ölkəsi» adı ilə məşhurdur. Ammian
Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget nəslindən
olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfasını
Xəzər dənizinin şərq sahillərindən qovaraq buralarda yerləşmişlər.
Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasındakı
yerləri tutmuşlar. Onlar cəsarətli, vəhşi xasiyyətli və köçəri
olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri
o tərəflərin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot[İstinad:
Herodot--ən məşhur yunan tarixçisidir. Eramızdan əvvəl 480 və
425-ci illər arasında yaşamışdır. Herodotun kimmerilər və skiflərin
şimaldan hərəkət etmələri, ticarət
yolları, İran dövlətinin sərhədləri və satrapları,
Azərbaycanda və onunla qonşu olan yerlərdə yaşayan qəbilələr
haqqında verdiyi məlumat Azərbaycan
tarixi üçün olduqca qiymətlidir.] deyir ki, Skif gəncləri
və Amazon qızlarının qarışmasından Sərmat tayfası meydana çıxmışdır.
Lakin Qatterer[İstinad: Qatterer--alman tarixçisidir, 1727-ci
ildə anadan olmuş və 1799-cu ildə vəfat etmişdir. Məşhur
əsərlərindən biri də "Qədim dövrlərdən
başlayan ümumdünya tarixi» adlı kitabıdır.] isbat edir ki, Sərmat
tayfası İsanın anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya
gəlib, Don çayı ətrafında Skif tayfası ilə qarışmışdır;
get-gedə Skif adı aradan çıxıb Sərmat adı məşhur olmuşdur.
Alan tayfası da gəlib Sərmat tayfasını məğlub edərək onların
yerlərinə sahib olmuşdur.
Alan tayfası şəmşirpərəst
dinində idilər. Qılıncı yerə sancıb ona səcdə
edərdilər. Bir çox adət və ənənələri Hun tayfası
ilə bir idi. Prokopi[İstinad: Prokopi--yunandır. V əsrin
axırlarında anadan olmuşdur. İlk Bizans
dövrünün ən məşhur tarixçisidir.] Alan tayfasını Masaget nəslindən
və Böyük Get mənasında olan Masageti də Get və ya Qotf nəslindən
hesab edir.
Həzəqil peyğəmbərin kitabında,
38-ci fəsildə, masoqlar Yafəsin oğlu Masoq nəslindən sayılır.
Bunlar şimal-şərq tayfaları arasında məşhurdurlar. Ola bilsin
ki, Masaget bu nəsldən və ya Masoq və Qət tayfalarının qarışmasından
meydana çıxmışdır. Degin[İstinad: Degin--fransız şərqşünaslarındandır.
1721-ci ildə anadan olmuş və 1800-cü ildə vəfat etmişdir. Əsərlərindən
ən məşhuru «Hunların, türklərin, moğolların və sair tatarların
ümumi tarixi" adlı kitabıdır.], alan sözünü alin, yəni
dağlı sözündən sayır. Masagetlərdən bir tayfanı, qədim zamanda
Altay dağlarında yaşadıqları üçün, belə adlandırmışlar.
Moisey Xorenski Alan tayfasını
Qafqazın yaxınlarında da göstərir. Alanlar, Bətləmyusun zamanından
XIV əsrə qədər, Qafqaz dağlarının şimal-qərbində
məşhur olmuşlar.
Məsudinin yazdığına görə,
Babi-Alan (Alan qapısı) gərək ki, Gürcüstanın Daryal adlı yerində
olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-Alan Alğon səddindədir.
Bu səddi İsfəndiyar tikdirmiş, Nuşirəvan isə yenidən təmir
etdirmişdir. Həmin səddin asarı, dərvazanın yeri və şəhərin
xərabəsi Qubanın Şabran mahalında, Gilhinçayın sol kənarında,
qalanın yeri isə həmin çayın sağ kənarındakı bir təpə üzərində
indi də mövcuddur.
Bu sədd dənizdən başlayıb,
adı çəkilən şəhərin yeri yaxınlığında olan Əlixanlı--ehtimala
görə, əslən Alğonlı olmuş--kəndinin üst tərəfindən
keçərək, Çıraq qalasına bitişir. Oradan da, üzərində böyük
bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaxkəndin
üstündən Baba dağına doğru gedir.
Bu iki rəvayəti birləşdirərək
demək olar ki, Babi-Alan (Alan qapısı) həm Gürcüstanda, həm də
Şirvanda olmuşdur. Alan tayfası Qafqazın şimal tərəflərində
yerləşdiyindən, onların cənuba hər iki tərəfdən hücum yolları
var idi. Alan adı məşhur olduğu üçün, bir çox erməni kitablarında
Qafqazın şərq tərəflərində yaşayan dağlıların hamısına
bu ad verilir. Hətta Şirvan üstə olan Muğan səhrasının şimal
qismi də, qədim kitablarda Alan səhrası adı ilə məşhurdur. Tarixçilərin
yazdığına görə, Albanus və Qassı çayları arasında olan Alban
şəhəri, yerin vəziyyəti və münasibətinə görə, gərək Dərbənd
şəhəri olsun. Albanus çayı Samur və Qassı çayı da Manas olub,
Tarxu ilə Buynaq arasından axır.
Keçmiş uzun əsrlər
belə, bu ölkədəki yer adlarının bəzisini hələ də, dəyişdirə
bilməmişdir. Şamaxı şəhəri Kamaxı və ya Ksamaxı
olmuşdur. Burada olan Qəbələ şəhəri Xabaladır ki, Bətləmyus
da onların adını çəkir.
Quba ölkəsində Alpan
adlı bir kənd vardır, alban sözündən dəyişmiş ola
bilər. Bir dağın təpəsində çox qədim bir qala mövcuddur,
onu Əşkəbus adlandırırlar. Firdövsinin «Şahnamə»dəki qeydinə
görə, Əşkəbus türklərdən bir pəhlivan olub, xaqanın
döyüşündə Rüstəm tərəfindən öldürülmüşdür. Həmdüllahın
Məcməülbüldanda yazdığı Əlamətlərə görə, Zərqubad kəndinin
də, Firuzqubad şəhəri olmasına ehtimal vardır. Sədan kəndi Sədani-Bakuyi
adından alınmışdır. Xəzrəgan adlı yer də İskəndərnamədə
yazılan Xəzrankuh ola bilər. Qubadakı Cağatay və Dağıstandakı
Cənkutay kəndlərinin adları da moğol sözü olub, oraların qədim
sakinlərinin adları ilə adlanmışdır. Mıçıqıçdakı Bayan kəndinin
adı da, Avarın məşhur xanı Bayanın adından götürülmüşdür.
Nuxu şəhəri, adının münasibəti və yerinin vəziyyətinə görə,
həmin Naxiya və ya Nağiya şəhəridir ki, qədim tarixlərdə Şirvan
şəhərlərindən sayılırdı.
Qədim dövrlərdə Qaspi
adlı tayfa dəniz kənarında və Kürün sağ sahilində
sakin idi. Rumlular arasında bu dəniz həmin tayfanın adı ilə adlanmışdır.
Sahilində olan vilayətlərə nisbətlə, bu dəniz müsəlmanlar arasında
da Bəhri-Xəzər, Bəhri-Cürcan, Bəhri-Gilan və Bəhri-Şirvan adı
ilə şöhrət tapmışdır.
Qafqaz sözü də, həmin
Qaspi adlı tayfanın adından və quranda qeyd edilən Qaf
dağından alınmışdır. Bu dağ, əfsanə kitablarında divlərin
və pərilərin yurdu hesab olunur. Həmin kitablarda pərilərin padişahına
Şahbal deyirlər, Dərbəndnamə müəllifi, ərəblərin Dağıstanda
təyin etdikləri əmirin adını Şahbal və ya Şahi-Bəəl deyə
qeyd edir. Şamxal ölkəsində, gözəlləri bütün Dağıstanda məşhur
olan kəndlərdən birinin adı Pəravuldur. Bu da Pəri-avul, yəni
pərilər kəndi deməkdir. Bu kənd indi də durur.
Gülüstani-İrəmi, Qaf dağının
yaxınlığında, son dərəcə təravətli və axar-baxarlı,
gözəl çeşməli və meyvəli ağacları olan bir yer kimi
təsvir etmişlər. Ehtimal ki, bu da Qubanın Şabran adlı səfalı
ovasından ibarətdir; bu söz xalq arasında da çox məşhurdur. Bəziləri
deyirlər, Gülüstani-İrəm Qarabağdakı Gülüstan adlı yerdir.
Hicri 1228-ci (=1813) ildə Rusiya ilə İran dövlətləri arasında
Gülüstan əhdnaməsi burada bağlanmışdır. Bunun yuxarısında,
dağlıq bir yerdə, indi də, Gülüstani-İrəm adlı bir yaylaq vardır.
İslam tarixçilərinin çoxu Qafqaz dağlarını Əlbürz dağı deyə adlandırırlar. Bunlardan Katib Çələbi[İstinad: Katib Çələbi--məşhur Şərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə İstanbulda anadan olmuş və 1067-ci (=1656/7) ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru coğrafiyaya aid «Cahannüma» ilə biblioqrafiyaya aid «Kəşfüzzünun» adlı kitablarıdır.], Cahannüma adlı əsərində deyir: Əlbürz dağı Babüləbvabın, yəni Dərbəndin qərb tərəfindədir. Bu dağ Türküstandan Hicazə
min mildən artıq məsafədə
uzanan dağ silsiləsinə bitişir. Bu cəhətdən bəziləri
onu Qaf dağı zənn etmişlər. Dərbənd yaxınlığında dağ
iki qola ayrılır: birinə Böyük Qaf, digərinə isə Kiçik Qaf
deyirlər.
Bu sıradağlarda üz verən
bir çox müharibə və fəthlərə görə,
İndiki halda bir çox səyyah,
dünyanın hər tərəfini dəfələrlə tədqiq etmiş, şərq və
qərb okyanuslarından keçərək yer kürəsinin o biri yarısında
olan Amerikanı kəşf etmişlər; lakin onlar, Qaf dağına, xəyalata
qapılan sadədillərin təsvir etdikləri tərzdə, heç yerdə rast
gəlməmişlər.
Qədim və naməlum əsrlərdən
bəri bir çox müxtəlif tayfalar, Qafqaz ölkəsində müharibə
və fəthlər edərək, cənubdan şimala və şimaldan cənuba
doğru hərəkət etmişlər. Onlar burada bir çox ölkələri istila
edib sakin olmuşlar. Müxtəlif millətlərin məzlum və qaçqınları
buranın çətin keçidlərində düşmənin zülmündən asudə olmuşlar.
İranın qədim padişahları, xususilə Yəzdicird Bəhrami-Gur oğlu
VƏ Nuşirəvan Qubad oğlu başqa vilayiətlərdən buraya bir çox
qəbilə köçürərək, bu yerlərdə şəhər və kəndlər bina etdirmişlər.
Bunların xarabaları indi də durur. Yunanlar, rumlular, ermənilər,
ğunlar, avarlar, türklər, ruslar, xəzərlər, ərəblər, moğollar
və tatarlardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini
əllərində saxlamışlar. Xüsusilə Şirvan ölkəsi hamısından
artıq iğtişaş yeri olmuşdur. Səfəvilər dövründə İran və
Osmanlı qoşunları bir-birinin ardınca bu ölkəni dəfələrlə
ələ keçirmişlər. Məlum olur ki, bu ölkə əhalisinin nəsli müxtəlif
tayfalardan mürəkkəbdir. Buna, onların hələ də mövcud olan bir
çox müxtəlif abidələri, adları, dilləri, adətləri və əhalinin
əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir.
Lakin bunu ətraflı olaraq
təyin etmək mümkün deyildir. Ancaq bu qədər demək olar ki, Təbərsəranın
bir hissəsində, Qubanın qərb qismində, Samur və Kürə nahiyələrində
yaşayan əhalinin əksəri müxtəlif tayfalarla qarışmış qədim
nəsildəndir. Dərbənd ətrafında, Təbərsəranın çox hissəsində,
Quba vilayətinin şərq qismində, Şəki, Bakı, Şirvan və Səlyan
vilayətlərində yaşayanlar, fars, ərəb, moğol və tatarlardan
ibarətdir. Burada olan erməni və yəhudilərin çoxu da, get-gedə
müsəlmanlar ilə qarışmışlar. Onlar Təbərsəran, Dərbənd,
Bakı, Quba və Kürə ölkələrində çox az, Şirvan və Şəki ölkələrində
isə daha çox qalmışlar. Onlar öz din və dillərini saxlamışlar.
Qarışıq nəsilli əhalinin varlığına, bir çox qəbilə və kəndlərin
öz dillərini və adlarını saxlaması ən aydın bir dəlildir.
Bakı ölkəsində
Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi Zıx və
Miyat tayfalarının qalıqlarıdır. Plini[İstinad: Plini--məşhur
Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin
«Təbii-tarix» adlı əsərində Azərbaycan tarixi və coğrafiyası
haqqında qiymətli məlumat vardır.] və Strabon[İstinad: Strabon--məşhur
yunan çoğrafiaşünaslarındandır. Eramızdan təqribən
63 il əvvəl anadan olmuş və eramızdan
19 il əvvəl vəfat etmişdnr. Onun ən
məşhur əsəri «Coğrafiya» adlı kitabıdır. Bu kitabda
Azərbaycan haqqında gözəl məlumat
vardır. Strabon əsərini, Pompeyin Azərbaycana olan yürüşləri
zamanında, romalıların topladıqları məlumata əsasən tərtib
etmişdir.] onları bu ölkənin qədim sakinləri deyə göstərmişlər.
Şəki, Şirvan və Qubada yaşayan Udilu tayfası Udi şəhəri əhalisindən
olmalıdır. Bu şəhər miladı III əsrdə Ermənistan padişahlarının
paytaxtı olmuşdur. İndiri kəndinin Tumanlar adlı bir məhəlləsi
vardır. Əhalisi indi də Qoysunun sağ tərəfindən Temurquyuya qədər
olan yerlərdəki mülklərə və arxlara sahibdirlər. Onlar əvvəldən
burada sakindilər.
Başlı yaxınlığında
olan Tumanlar kəndi də, Tumanşah tayfasının qalığı olmalıdır.
Onları burada Nuşirəvan yerləşdirmişdir. Köbəçi əhalisi, öz
babalarından eşitdikdəri rəvayətə görə, ticarət məqsədilə
buralara gəlmiş Yunan və Cənəviz əhalisindən bir dəstədir.
Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir camaat
şəklinə düşmüşlər. Təbərsəran əhalisinin çoxunu Nuşirəvan
Təbəristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da,
Təbəristan sözündən dəyişmiş ola bilər.
Ərəb adı ilə Qubada iki
kənd, Dərbənddə bir kənd, Şəkidə iki kənd və Şirvanda
da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi indi də,
öz aralarında ərəbcə danışırlar. Təbərsərandakı Dərvaq
kəndində də əhali son zamanlaradək ərəb dilində danışarmış;
bu dili ancaq yaxın zamanlarda tərk etmişlər, kəndin qocaları
indi də bu dili bilirlər. Bunlardan başqa Kürə, Təbərsəran məmləkətləri
və Samur nahiyəsi, bütün Dağıstan kimi, öz kitablarında və
yazılarında ərəb xətti və ərəb dili işlədirlər.
Qubadakı Bərmək
mahalı, Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsindəndir.
Onlar Cəfərin öldürülməsindən sonra, gəlib burada sığınmışlar.
Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli; Şirvanda Qaramanlı,
Təkəli, Şamlı və Çakərli; Qubada Osallı, Ərşəli, Ustacallı
və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qəbiləsi;
Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar
vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə
və sair elat kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki
Miskincə kəndinin əhalisini, I Şah Təhmasib Səfəvi Astarabad
hüdudundan buraya köçürmüşdür. Bu nahiyədə yalnız Miskincə
kəndi şiə məzhəbdir. Həzrət sözündən dəyişmiş olan Həzrə
kəndinin əhalisini, həmin padişah, İrandan Quba vilayətinə köçürüb,
öz babası Şeyx Cüneydin qəbri ətrafında yerləşdirmişdir. Bunlar
indi, sünni məzhəbində olsalar da, bir məhəllələri hələ də,
«Şiələr məhəlləsi» adı ilə məşhurdur.
Samur nahiyəsindəki Mikrağ
kəndinin və Qaziqumuq əhalisinin çoxu, məlum olduğu kimi,
rus tayfasındandır. Onlar xəzərlərin istilası dövründə buraya
gəlmişlər. Bundan əlavə onların zahiri qiyafəsi və bir çox
adət və ənənələri də buna şahiddir. Qaziqumuq əhalisi indi
dəsalam əsnasında papaq götürüb bir-birinə «izrov» deyirlər.
Bu söz ola bilər ki, «zdorov» sözündən alınmışdır. İndiki
halda, Qaziqumuq şəhərində və bu böyük şəhərdən ayrılmış
olan bəzi nahiyələrdə üç tayfa sakindir: Qaççi, Məçcə və
Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və Xəzər nəslindən
olsun; Məçcə--Məkkə sözündən dəyişmə olub, ərəblərin Qüreyş
qəbiləsindən və Qumuq da, qədim Kamak tayfasından olsun. Həmçinin
bu ölkənin sair əhalisi və Sulağın sağ tərəfində olan Aqquşa,
Qaytaq mahalları və Şamxal mülkü əksəriyyətlə qədim nəsildən
olub ermənilər, farslar, ərəblər və türklərlə qarışmışlar.
Sulağın o tərəfindəki Qumuq əhalisi, Mıçıqıç, Avar və əslində
qədim nəsildən olan bir çox azadlıqsevən xalqlar, müxtəlif şimal
tayfaları ilə qarışmışlar.
Xülasə, bu əzəmətli dağlarda
(Qafqazda), dilləri az yayılmış olan naməlum xalqlar vardır ki,
qədim tayfaların qalıqları hesab edilə bilər. Bunlar, əsrlər
boyu dünyada qalibiyyət və qüdrətlə məşhur olmuşlar. İndi
isə bunların bəzilərindən heç bir əsər qalmamışdır, yalnız
tarix kitablarında adları çəkilməkdədir.
Karamzin[Karamzin Nikolay Mixayloviç--məşhur
rus tarixçisidir, 1766-cı ildə anadan olmuş və 1826-cı ildə vəfat
etmişdir. «Rusiya dövlətinin tarixi» adlı on iki cildlik əsərin
müəllifidir.] və başqa tarixçilərin yazdıqlarına görə, avarlar
Türküstan çöllərində iqtidar və şöhrət sahibi bir tayfa olmuşlar.
Çin tarixçilərinə görə, Avar tayfası çinlilərlə qonşu olan
Hun nəslindəndir. II əsrdə türk tayfaları tərəfindən məğlub
edilən avarlar, cənub ölkələrinə gəlmiş və başqa tayfalarla
qarışmışlar. Avar xanı Dizavul, Atilla kimi yüksək iqtidarə
malik olmuşdur. O, Altay dağları arasında ipək döşənəcək və
qızıl qab-qacaqla bəzənmiş çadırda, Rum qeysəri Yustinianın
elçilərini və hədiyyələrini qəbul edərək, onunla barışmış
və iranlılarla müvəffəqiyyətli müharibə etmişdir. Rum tarixçilərinin
dediyinə görə, Dizavulun elçiləri qırxılmamış uzun saçlarından
başqa surət və əxlaqca da, tamamilə Hun tayfasına bənzəyir və
Atilla zamanını xatırlatmaqla tamaşaçıların heyrətini artırırdılar.
Onlar 568-ci ildə sülh tələbi üçün Qostəntiniyyəyə gəlib,
qeysər Yustiniana dedilər ki, Avarın cəsur və məğlub edilməz
tayfası səninlə dost olmaq, səndən ənam, məvacib və yaşamaq
üçün yararlı və gözəl bir yer istəyir. Qeysər onların tələblərindən
heç birini rədd etməyə cəsarət etmədi. Avarın qaniçən xanı
Bayan, bolqarları məğlub edərək, qətl və qarətdə əlindən
gələni etdi. O, çex və sair slavyan xalqlarının sakin olduqları
Moraviya və Bohemiyanı istila ilə Frank kralı Siqberti məğlub
edərək bir baş Tuna çayına gəlib çıxdı. Burada Lonqbard tayfasilə
ittifaq edərək Qəbidiyan dövlətini alt-üst etdi və Macarıstanı
ələ keçirib İtaliyanı almaq xəyalına düşdü. 568-ci ildə avarların
ölkəsi Elba çayından Atilə (Volqaya) qədər olan sahəni tuturdu.
Bayan xan 580-cı ildə
Qara dənizin şimal-şərq sahillərini türklərin əlindən aldı.
Ertəsi il, 60 min süvari ilə gəlib Tuna çayı kənarında
o zamana qədər başlı-başına yaşayan Slavyan tayfasını qətl
və qarətlə özünə tabe etdi. Tarixçi Nestorun yazdığına görə,
Avar xanı 619-cu ildə Rum qeysəri Heraklini elə məğlub etdi ki,
az qaldı onu əsir alsın və hicri 4-cü (=626) ildə Qostəntiniyyəni
mühasirə etdisə də, məqsədə çatmadan geri qayıtdı. Bu tayfa,
sonralar, müxtəlif zamanlarda cürbəcür qəbilələrlə şiddətli
müharibə etmiş və get-gedə zəifləmişdir. IX əsrin əvvəllərində
adlarını itirərək, başqa tayfalara qarışmışdır.
Qəbirlərindən tapılan qiymətli
şeylərdən məlum olur ki, bunlar o qədər də vəhşi olmayıb İran,
Çin və Rum ilə ticarət əlaqəsi saxlamışlar. Bunlardan bir camaat,
indi də Qafqaz dağlarında yaşamaqla bərabər, ayrıca dilə malik
və xüsusi əmirlərə tabe olaraq adət və ənənələrini davam
etdirməkdədirlər. Bu Avar xanına Avar Üsmisi də deyirlər. O,
hicri 1140-cı (=1727) ildə rus ordugahına gələrək dedi ki, keçmişdə
mülkü əlindən çıxmış əcdadından biri rus padişahının köməyilə
öz yerinə təyin edilmiş və bu xüsusda rus padişahı tərəfindən
verilən fərman indi də, durur. Lakin baxılan vaxt məlum oldu ki,
bu fərmanı hicri VII əsrdə rus ölkəsini ələ keçirmiş olan
Çingiz xanın nəvəsi Batı Cüci oğlu vermişdir.
Qunib-- kəndinin əhalisi
(sözün axırından "b" hərfi atılaraq bəzən «Ğun»
da oxunur) bədsurət və vəhşi xasiyyət Ğun və ya Hun tayfasının
qalıqlarındandır. Bu kənd, Əndələl nahiyəsində tarlalı, otlaqlı,
çaylara və ağaclara malik çox çətin keçilən bir dağ təpəsində
olub, təqribən yüz evdən ibarətdir. Bu kəndin əhalisi pis xasiyyətlidir.
Adamlar çox zaman bir-birilə vuruşurlar. Boyları qısa və surətcə
bədtərkib olub, o ətrafın sair əhalisindən xüsusilə fərqlənirlər.
Təbərsəranda, Dərbənd
səddi ilə əlaqədar olaraq Ənuşirəvan tərəfindən bina
edilmiş bir şəhərin xarabaları ətrafında Calqan, Rukal,
Məqatir, Kəmax, Zeydiyan, Hümeydi, Mütai və Bilhədi adlı səkkiz
para kənd vardır. Bu kəndlərin əhalisi tat dilində danışırlar.
Bu dil qədim fars dilinin ləhcələrindən biridir. Məlum olur ki,
onlar farsdırlar, ancaq bu şəhər xaraba qaldıqdan sonra, həmin
kəndlərdə yerləşmişlər. Bilhədi kəndinə yaxın olan bu şəhərdə
sənətkaranə bir tərzdə işlənmiş qəribə bir dərvaza vardır.
Bu dərvaza indi də durur. Ehtimala görə, Babülhədid həman budur,
kəndin adı da, bundan alınaraq, çox işlənmək nəticəsində dəyişib
Bilhədi olmuşdur.
Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan mahalda, məsələn: Şirvanda Hovz, Lahıc və Qoşunlu; Qubada Bərmək, Şəmpara, Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində--altı tərəkəmə kəndindən başqa--bütün əhali tat dilində danışır. Məlum olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi--xüsusi dilə malik olan Xınalıq kəndindən başqa--Samur və Kürə nahiyələri və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı, müxtəlif ləhcəli xüsusi dilə malikdirlər. Bunlar türk dilində danışan əhalini moğol adlandırırlar. Dərbəndnamənin qeydinə və sair əlamətlərə görə məlum olur ki, bu tayfa
Alan masagetlərinin nəslindəndir.
Bakıdakı Məşqətə--«s» hərfi «ş» hərfinə
təbdil edilmişdir--kəndinin əhalisi də həmin tayfadan olmalıdır.
Bunlar Bakı əhalisinin dilini qəbul etmişlərsə də, yenə əxlaq
və yaşayış tərzləri cəhətdən bu ölkə əhalisindən tamam
fərqlidirlər. Sair Təbərsəran mahallarının da başqa dilləri
vardır. Mağarti, Mərağə, Xoçni və Çıraq adlı dörd kənddə,
Dərbənd şəhərində və onun hər iki tərəfində olan Ulus və
Tərəkəmə mahalındakı kəndlərin hamısında, Tip, Müskür və
Şabran mahallarında və Quba şəhərinin özündə, Səlyan ilə
Şirvanın digər mahallarında, Bakının altı tərəkəmə kəndində
və bütün Şəki ölkəsində əhalinin dili türkcədir. Bunlar əksəriyyətlə
türkmən, moğol və tatar nəslindən olub, bəziləri də, Osmanlı-İran
müharibələri zamanında, Səfəvilər dövründə və bundan sonra
gəlmişlər. Bunların ləhcələri Ermənistan və Azərbaycanın
bütün vilayətlərində də İranın bir çox yerlərində işlənən
türk dilinə mənsubdur. Bu ləhcə Osmanlı, Cağatay, Qumuq və Noğay
ləhcələri arasında orta ləhcədir, lakin hər dil üçün lazım
olan yazı qaydaları və qanunları (sərf-nəhv) bu dil üçün hələ
təyin edilməmişdir.
- A Basic Human Right Essay Research Paper
- Abbreviations
- ABBYY FineReader
- ABBYY FineReader 11: её предназначение, функции и преимущества
- ABC Book Essay Research Paper Agatha Christie
- ABC анализ
- ABC-анализ в логистике
- 9-этажный жилой дом со встроенными помещениями
- A And P
- Aandp 2 Essay Research Paper In John
- A And P Research Essay Research Paper
- Aaron Burr Essay Research Paper Burr Aaron
- Aaron Douglas Essay Research Paper Aaron Douglas
- Aaron Douglas Essay Research Paper Aaron DouglasPeople